|
“Dövlət qeydiyyatına
alınmışdır” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat № 3093 “16 “ noyabr 2004-cü il Nazir _____________ F.Məmmədov |
“Təsdiq edirəm” Azərbaycan Respublikası Milli Bankı İdarə
Heyətinin “03” noyabr 2004-cü il Protokol № 19 İdarə Heyətinin Sədr_________________E.Rüstəmov |
BANKLARDA
HESABLARIN AÇILMASI, APARILMASI VƏ BAĞLANMASI QAYDALARI
1. Ümumi
müddəalar
1.1. Bu
Qaydalar “Banklar haqqında”, “Azərbaycan Respublikasının
Milli Bankı haqqında”, “Valyuta tənzimi haqqında”
Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə və
digər normativ-hüquqi aktlarına əsasən
hazırlanmış və Azərbaycan Respublikasında
fəaliyyət göstərən banklarda, yerli və xarici
bankların yerli filiallarında, bank şöbələrində
(bundan sonra - banklar) cari, ssuda və əmanət (depozit)
hesablarının, cari subhesabların, habelə
bankların müxbir
hesablarının (bundan sonra - bank hesabları) açılması,
aparılması və bağlanması qaydalarını
müəyyən edir.
Xüsusi
seçki hesablarının açılması, əməliyyatların
aparılması və dayandırılması qaydası Milli
Bankla razılaşdırılmaqla Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə uyğun
olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası tərəfindən müəyyən edilir.
1.2. Bu
Qaydalar Azərbaycan Respublikasında rezidentlərin və
qeyri-rezidentlərin milli və xarici valyutada açılan bank
hesablarına (xarici bankların manatda müxbir hesabları istisna
olmaqla) şamil edilir. Rezidentlərin xarici valyutada, habelə
qeyri-rezidentlərin milli və xarici valyutada açılan
hesablarında əməliyyatların aparılması
zamanı mövcud valyuta rejiminə riayət
olunmalıdır.
1.3.
Bank hesabları dövlət orqanları,
bələdiyyələr, hüquqi şəxslər, onların
filial, nümayəndəlik və digər ayrıca
bölmələri, habelə hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslər (bundan sonra - fərdi sahibkarlar),
həmçinin fiziki şəxslər (bundan sonra ümumilikdə -
müştərilər) üçün açılır.
1.4.
Müştərilər (hesab sahibləri) bank hesabları
açarkən bankları seçməkdə müstəqildirlər, bir
və ya bir neçə bankda hesab aça bilərlər. Xarici valyutada
bank hesabları yalnız müvəkkil banklarda açıla bilər.
Banklar
milli valyutada (manatda) müxbir hesablarını yalnız
Azərbaycan Respublikasının Milli Bankında (bundan sonra -
Milli Bank) açırlar.
1.5.
Bank hesablarının açılması üçün maraqlı
şəxslərin müraciətlərinə baxılması proseduru
hər bir bankın müvafiq daxili qaydaları ilə
müəyyən olunur. Qeyri-sağlam xarakterli
əməliyyatlardan, o cümlədən çirkli pulların
yuyulmasında və terrorizmin
maliyyələşdirilməsində istifadə
cəhdlərindən qorunmaq məqsədilə bankların
daxili qaydalarında hesabların açılması üçün bu Qaydalarda
göstərilməyən və qanunvericiliyə zidd olmayan
digər sənədlərin təqdim olunması da
nəzərdə tutula bilər.
2. Bank
hesablarının növləri
2.1.
Bank hesabları aşağıdakı növlərə bölünür:
- cari
hesablar;
- cari
subhesablar;
- ssuda
hesabları;
-
əmanət (depozit) hesabları;
-
müxbir hesablar.
2.2.
Cari hesablar dövlət orqanlarının,
bələdiyyələrin, hüquqi şəxslərin,
onların filial, nümayəndəlik və digər ayrıca
bölmələrinin, həmçinin fərdi sahibkarların
maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı
bank əməliyyatlarının aparılması üçün
açılır.
Büdcə
təşkilatlarına cari hesablar yalnız xarici dövlət
və hüquqi şəxslər tərəfindən
məqsədli təyinat üzrə verilən yardım və
qrantların alınması və istifadəsi üzrə bank
əməliyyatlarının aparılması üçün
açılır.
Cari
hesablara müvəqqəti cari hesablar və xüsusi cari hesablar da
aiddir.
2.3.
Müvəqqəti cari hesablar təsərrüfat ortaqlıqları,
cəmiyyətləri, kooperativlər və digər
təsərrüfat subyektlərinə onların dövlət
qeydiyyatına alınanadək müvafiq olaraq nizamnamə,
şərikli kapitallarının, habelə
paylarının
ödənilməsi üçün açılır.
2.4. Xüsusi
cari hesablara məhkəmələrin və məhkəmə
icraçısı qurumlarının depozit hesabları, habelə
notariusların depozit, sığorta girovu və zəmanət
kassası hesabları aiddir.
2.5.
Məhkəmənin və məhkəmə icraçıları
qurumunun depozit hesabları qanunvericilikdə nəzərdə
tutulmuş məqsədlərlə bank
əməliyyatlarının aparılması üçün
açılır.
Sığorta
girovu və zəmanət kassası hesabı xüsusi qaydada
notariat fəaliyyəti həyata keçirilən zaman
fəaliyyət nəticəsində vurula biləcək
ziyanın ödənilməsi
və xüsusi notariusun məsuliyyətinə zəmanət
vermək məqsədilə qanunla nəzərdə
tutulmuş pul vəsaitlərinin yığılması və
istifadəsi üçün xüsusi notariuslara açılır.
Notariusun
depozit hesabı qanunvericilikdə nəzərdə tutulmuş
hallarda hüquqi və fiziki şəxslərdən pul
vəsaitlərinin, qiymətli kağızların daxil
olması, saxlanması və digər əməliyyatların
aparılması üçün dövlət və xüsusi notariuslara
açılır.
2.6.
Cari subhesablar hüquqi şəxslərə onların regional
fəaliyyətləri ilə əlaqədar filial və
nümayəndəlik statusu daşımayan və olduğu
yerdən kənarda yerləşən struktur
bölmələrinə açılır. Bu hesablara daxil olan
vəsaitlər həmin struktur b ölmələrinin
işçilərinin əmək haqları və əmək haqqı
ilə bağlı digər məcburi köçürmələrin,
habelə bu qurumların fəaliyyətini təmin edən
zəruri kommunal xərclərin
ödənilməsi üzrə
ödənişləri istisna olmaqla, baş təşkilatla
bağlanmış bank hesabı müqaviləsində müəyyən
olunmuş müddətlərdə baş təşkilatın cari
hesabına köçürülməlidir.
2.7.
Ssuda hesabları bankın müştərilərə verdiyi
kreditlərin uçotu üçün, kredit müqaviləsində
nəzərdə tutulduğu hallarda isə, həmçinin kredit vəsaitlərinin
istifadəsi və
ödənilməsi ilə bağlı bank
əməliyyatlarının aparılması üçün
açılır.
2.8.
Əmanət (depozit) hesabları bank əmanəti (depozit)
müqaviləsinə əsasən müştərilərin
əmanətlərinin uçotu, pul vəsaitlərinin
əmanətlərə cəlb edilməsi və müvafiq
əməliyyatların aparılması üçün açılır.
Hüquqi
şəxslərin əmanət (depozit) hesablarında olan pul
vəsaiti başqa şəxslərə köçürülə bilməz.
2.9.
Müxbir hesablar bankların
özlərinin və müştərilərinin bank
əməliyyatlarının aparılması məqsədi
ilə yerli və xarici banklar üçün açılır.
3. Bank hesablarının
açılması
üçün tələb olunan
sənədlər
3.1. Cari hesabın açılması
üçün dövlət orqanları, bələdiyyələr, hüquqi
şəxslər və fərdi sahibkarlardan
aşağıdakı sənədlərin təqdim
edilməsi tələb olunur:
3.1.1.
ərizə (Əlavə №
1);
3.1.2.
dövlət büdcəsindən və Naxçıvan Muxtar
Respublikasının büdcəsindən
maliyyələşən təşkilatlara bank
hesabının açılması üçün Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi yanında Baş Dövlət
Xəzinədarlığının icazə məktubu;
3.1.3.
bələdiyyənin, hüquqi şəxsin nizamnaməsinin
notariat qaydasında təsdiq edilmiş surəti. Müvafiq
dövlət hakimiyyəti orqanının aktı ilə təsdiq
olunmuş nizamnamə (əsasnamə) əsasında
fəaliyyət göstərən dövlət orqanı nizamnamənin
(əsasnamənin) müvafiq aktla təsdiq olunduğunu sübut
edən sənədi təqdim edir;
3.1.4.
dövlət qeydiyyatı haqqında sənədin notariat
qaydasında təsdiq edilmiş surəti
(bələdiyyələr və hüquqi şəxslər üçün).
Qeyd: Dövlət
qeydiyyatı haqqında sənəd ədliyyə orqanları
və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (dini
qurumlara aid halda) tərəfindən verilir. 1992-ci il 01 oktyabr
tarixinədək müvafiq icra hakimiyyəti orqanlarında, 1996-cı
il 01 iyun tarixinədək isə aşağıda
göstərilən orqanlarda dövlət qeydiyyatına
alınmış
şəxslərin dövlət qeydiyyatı haqqında
sənədləri ədliyyə orqanlarının qeydiyyat
sənədləri ilə eyni hüquqi qüvvəyə malikdir:
-
sığorta təşkilatları - Nazirlər Kabineti
yanında Dövlət Sığorta Nəzarətində; banklar -
Milli Bankda;
-
tədris müəssisələri - Nazirlər Kabinetində
və Təhsil Nazirliyində;
-
icarə müəssisələri, mənzil-tikinti kooperativləri
və kəndli (fermer) təsərrüfatları - yerli icra
hakimiyyəti orqanlarında;
-
kütləvi informasiya vasitələri - Mətbuat və
İnformasiya Nazirliyində;
-
birgə və tam xarici investisiyalı müəssisələr -
Maliyyə Nazirliyində;
- xarici
hüquqi şəxslərin filial və nümayəndəlikləri -
Xarici İqtisadi Əlaqələr Nazirliyində.
3.1.5.
fərdi sahibkarın şəxsiyyətini təsdiq edən
sənəd (sənəddəki məlumatların hesabın
açılmasına dair ərizədə və imza nümunəsi
vərəqəsində göstərilənlərə
uyğunluğu yoxlanılır və sənəd geri
qaytarılır);
3.1.6.
statistika orqanlarında uçot vahidlərinin dövlət reyestrinə
daxil edilməsi haqqında şəhadətnamənin notariat
qaydasında təsdiq edilmiş surəti;
3.1.7.
dövlət sosial sığorta orqanında uçota alınması
barədə bildirişin əsli;
3.1.8.
müvafiq vergi orqanı tərəfindən verilmiş
şəhadətnamə-dublikatın əsli.
Qeyd: Bildiriş və
şəhadətnamə-dublikat iki hissədən ibarətdir.
Onun bir hissəsi müştərinin hesab açdığı bankda
qalır, digər hissəsi isə bankın müvafiq qeydləri
aparıldıqdan sonra dərhal onu vermiş Dövlət Sosial
Müdafiə Fondu və vergi orqanına müştəri vasitəsi
ilə qaytarılır. Bildiriş və
şəhadətnamə-dublikatla yalnız onlarda
göstərilmiş bankda hesab açıla bilər.
Bildiriş
və şəhadətnamə-dublikat alındığı
tarixdən Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən olunmuş müddətdə (10 gün ərzində)
hesab açılmaq üçün istifadə olunmadıqda qüvvədən
düşmüş hesab edilir. Müddət bildirişin və
şəhadətnamə-dublikatın verildiyi sonrakı
gündən hesablanır.
3.1.9.
imza və möhür nümunələri vərəqəsi.
3.2.
Hüquqi şəxslərin filiallarına,
nümayəndəliklərinə və digər ayrıca
bölmələrinə cari hesabların açılması üçün
aşağıdakı sənədlərin təqdim
edilməsi tələb olunur:
3.2.1.
ərizə (Əlavə N 1);
3.2.2.
baş təşkilatın (hüquqi şəxsin) dövlət
qeydiyyatına alınması haqqında sənədin notariat
qaydasında təsdiq olunmuş surəti;
3.2.3.
filialın, nümayəndəliyin, digər ayrıca bölmənin
yuxarı təşkilatı tərəfindən təsdiq
edilmiş nizamnaməsinin (əsasnaməsinin) əsli və ya
notariat qaydasında təsdiq edilmiş surəti. Nümunəvi
nizamnamə (əsasnamə) əsasında fəaliyyət
göstərən qurumlar nizamnaməsinin (əsasnaməsinin)
nümunəvi olduğunu təsdiq edən sənədi təqdim
edir;
3.2.4.
dövlət sosial sığorta orqanında uçota alınması
barədə bildirişin əsli;
3.2.5.
müvafiq vergi orqanı tərəfindən verilmiş
şəhadətnamə-dublikatın əsli;
3.2.6.
imza və möhür nümunələri vərəqəsi.
3.3.
Müvəqqəti cari hesabın açılması üçün
aşağıdakı sənədlərin təqdim
olunması tələb olunur:
3.3.1.
ərizə (Əlavə N 1). Ərizə təsisçilərin
müvəkkil etdiyi şəxs tərəfindən imzalanır;
3.3.2.
təsərrüfat ortaqlığının və
təsərrüfat cəmiyyətinin, kooperativin yaradılması
haqqında notariat qaydasında təsdiq edilmiş təsis
müqaviləsinin bir nüsxəsi (bir təsisçi tərəfindən
yaradıldıqda - təsisçinin qərarı);
3.3.3.
hesabın açılmasına və hesab üzrə sərəncam
verilməsi səlahiyyətinə malik olan müvəkkil
şəxsin təyin edilməsi haqqında təsisçilərin
(təsisçinin) qərarı;
3.3.4.
müvəkkil şəxsin şəxsiyyətini təsdiq
edən sənəd (sənəddəki məlumatların
hesabın açılmasına dair ərizədə
göstərilənlərə uyğunluğu yoxlanılır
və sənəd geri qaytarılır);
3.3.5.
imza nümunəsi vərəqəsi.
Müvəqqəti
cari hesab üzrə yalnız təsərrüfat subyektinin
nizamnamə kapitalının (şərikli kapitalın,
payların) formalaşdırılması və bank
xidmətləri haqqının
ödənilməsi ilə bağlı əməliyyatlar
aparıla bilər. Dövlət qeydiyyatına alındıqdan
sonra hüquqi şəxs statusu almış təsərrüfat
subyektinə müvəqqəti hesabı olan bankda və ya onun
seçdiyi digər bankda bu Qaydalarda müəyyən olunmuş qaydada
cari hesab açılır və hesabda olan vəsait onun müvəkkil
şəxsinin tapşırığına əsasən
həmin cari hesaba köçürülür.
Təsərrüfat
subyekti dövlət qeydiyyatına alınmadıqda
müvəqqəti cari hesabda yerləşdirilmiş vəsait
müvəkkil şəxsin ərizəsinə əsasən geri
qaytarılır və ya müvəkkil şəxsin
sərəncamına əsasən təsisçilərin bank
hesablarına köçürülür.
3.4.
Ssuda hesabının açılması üçün aşağıdakı
sənədlərin təqdim olunması tələb olunur:
3.4.1.
kredit müqaviləsinə əsasən kreditin istifadəsi və
ödənilməsi cari hesab vasitəsilə həyata
keçirildikdə, ssuda hesabının açılması üçün kreditin
rəsmiləşdirilməsinə dair bankın daxili
qaydalarında nəzərdə tutulan sənədlər;
3.4.2.
kredit müqaviləsinə əsasən kreditin istifadəsi və
ödənilməsi bilavasitə ssuda hesabı vasitəsilə
həyata keçirildikdə, bu Qaydalarda cari hesabların
açılması üçün tələb olunan sənədlər;
3.4.3.
fərdi sahibkar olmayan fiziki şəxslər üçün bu Qaydalarda
əmanət hesablarının açılması üçün tələb
olunan və kreditin rəsmiləşdirilməsinə dair
bankın daxili qaydalarında nəzərdə tutulan
sənədlər.
3.5.
Əmanət (depozit) hesabının açılması üçün
aşağıdakı sənədlərin təqdim
olunması tələb olunur:
3.5.1.
dövlət orqanları, bələdiyyələr, hüquqi
şəxslər, hüquqi şəxslərin filial,
nümayəndəlik və digər ayrıca bölmələri üçün
bu Qaydaların 3.1-ci bəndində göstərilən
sənədlər;
3.5.3. fiziki şəxslər üçün:
3.5.3.1.
şəxsiyyətini təsdiq edən sənəd
(sənəddəki məlumatlar imza nümunəsi
vərəqəsində göstərilənlərə
uyğunluğu yoxlanılır və sənəd geri
qaytarılır);
3.5.3.2.
imza nümunəsi vərəqəsi.
3.6.
Üçüncü şəxslərin xeyrinə bank əmanəti (depozit)
hesabının açılması üçün aşağıdakı
sənədlərin təqdim olunması tələb olunur:
3.6.1.
ərizə (Əlavə ¹ 1);
3.6.2.
xeyrinə hesab açılan şəxsin
eyniləşdirilməsini mümkün edən məlumatlar (dövlət
orqanları və bələdiyyələr üçün - onların
adları və yerləşdiyi ünvanları, hüquqi
şəxslər üçün - onların adları və dövlət
qeydiyyatı haqqında sənədin məlumatları, fiziki
şəxslər üçün - adı, atasının adı,
soyadı, şəxsiyyətini təsdiq edən
sənədin məlumatları və s.);
3.6.3.
hesabı açan şəxsin imza nümunəsi (imza və möhür
nümunəsi) vərəqəsi.
3.6.4.
xeyrinə depozit hesabı açılan hüquqi şəxs və ya
vergi orqanlarında uçota alınmalı digər şəxs hesab
üzrə əmanətçi hüquqlarından istifadə etmək
niyyətini banka bildirdikdə, bu Qaydalarda belə
şəxslərə əmanət (depozit) hesabı
açılması üçün tələb olunan sənədləri
təqdim etməlidir;
3.6.5. hesabı açan şəxs
açdığı hesabdan Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə müvafiq surətdə özü istifadə
etdikdə, həmin şəxs əlavə olaraq əmanət
(depozit) hesabının açılması üçün tələb olunan
sənədləri təqdim etməlidir.
3.7.
Cari subhesabın açılması üçün aşağıdakı
sənədlərin təqdim olunması tələb olunur:
3.7.1.
baş təşkilatın ərizəsi (Əlavə ¹ 1);
3.7.2.
baş təşkilatın dövlət qeydiyyatına
alınması haqqında sənədin notariat qaydasında
təsdiq olunmuş surəti;
3.7.3.
dövlət sosial sığorta orqanında uçota alınması
barədə bildirişin əsli (sığortaedənlər
üçün);
3.7.4.
müvafiq vergi orqanı tərəfindən baş
təşkilata verilmiş
şəhadətnamə-dublikatın əsli (yerli qurum vergi
ödəyicisi olduqda özünün
şəhadətnamə-dublikatının əsli);
3.7.5.
imza və möhür nümunəsi vərəqəsi.
3.8.
Hesabın açılmasına dair sənədlər hesabın
rəsmiləşdirilməsinə dair işdə, imza və
möhür nümunələri olan vərəqələr isə
məsul icraçıda və nəzarətçidə
saxlanılır.
3.9.
Müştərinin müxtəlif növ bank hesabları eyni bankda
açıldıqda yeni hesab üzrə ərizənin, dövlət sosial
sığorta və vergi orqanları tərəfindən
verilmiş bildirişin və
şəhadətnamə-dublikatın əslinin təqdim
olunması kifayətdir.
3.10.
Yerli bankların müxbir hesablarının açılması
zamanı bu Qaydaların 3.1-ci bəndində nəzərdə
tutulan sənədlərə əlavə olaraq Milli Bank
tərəfindən verilən bank lisenziyasının və
hesab üzrə sərəncam hüququna malik inzibatçının Milli
Bankda attestasiyadan keçməsini təsdiq edən attestasiya
vərəqəsinin notariat qaydasında təsdiq olunmuş
surəti təqdim olunur.
4.
Xüsusi cari hesabların açılması
4.1.
Məhkəmənin və məhkəmə icraçıları
qurumunun depozit hesabının açılması üçün
aşağıdakı sənədlərin təqdim
olunması tələb olunur:
4.1.1.
ərizə (Əlavə №
1);
4.1.2.
imza və möhür nümunəsi vərəqəsi.
4.2.
Sığorta girovu hesabının açılması üçün
aşağıdakı sənədlərin təqdim
olunması tələb olunur:
4.2.1.
ərizə (Əlavə № 1);
4.2.2.
notariat fəaliyyəti ilə peşəkarcasına
məşğul olmaq üçün şəhadətnamənin notariat
qaydasında təsdiq edilmiş surəti;
4.2.3.
imza və möhür nümunələri vərəqəsi.
4.3.
Zəmanət kassası hesabının açılması üçün
aşağıdakı sənədlər təqdim olunması
tələb olunur:
4.3.1.
ərizə (Əlavə № 1);
4.3.2.
xüsusi notariusun qeydiyyat vəsiqəsinin notariat qaydasında
təsdiq edilmiş surəti;
4.3.3.
imza və möhür nümunələri vərəqəsi.
4.4.
Dövlət və xüsusi notariusun depozit hesabının
açılması üçün aşağıdakı sənədlərin
təqdim olunması tələb olunur:
4.4.1.
ərizə (Əlavə № 1);
4.4.2.
notariat fəaliyyətinə nəzarəti həyata
keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
müvafiq qurumunun notariusun bankda depozit hesabının
açılmasına razılıq məktubu (dövlət
notariusları üçün);
4.4.3.
xüsusi notariusun qeydiyyat vəsiqəsinin notariat qaydasında
təsdiq edilmiş surəti (xüsusi notariuslar üçün);
4.4.4.
imza və möhür nümunəsi vərəqəsi.
5.
Rezidentlərə xarici valyutada bank hesablarının
açılması
5.1.
Rezident olan şəxslərə bank hesablarının xarici
valyutada açılması üçün bu Qaydaların 3-cü bölməsində
sadalanan sənədlər təqdim edilməlidir.
5.2.
Milli valyutada bank hesabı olan bankda xarici valyutada bank
hesabının açılması üçün müştəri
tərəfindən hesabın açılmasına dair
ərizənin, dövlət sosial sığorta və vergi
orqanı tərəfindən verilmiş bildirişin və
şəhadətnamə-dublikatın əslinin təqdim
olunması kifayətdir.
6.
Qeyri-rezidentlərə Azərbaycan Respublikasının milli
valyutasında və xarici valyutada bank hesablarının
açılması
6.1.
Qeyri-rezident hüquqi şəxslər banklarda yalnız
Azərbaycan Respublikası ərazisində filial və ya
nümayəndəliklərin olduğu halda Azərbaycan
Respublikasının milli valyutasında (manatda) istənilən
bank hesabı aça bilərlər.
Qeyri-rezident
hüquqi şəxslər üçün əmanət (depozit) hesabları bu
şərtdən asılı olmayaraq açıla bilər.
6.2. Bu
Qaydaların 6.1-ci bəndinin şərtləri
nəzərə alınmaqla qeyri-rezidentlərə
Azərbaycan Respublikasının milli valyutasında və
xarici valyutada bank hesablarının açılması üçün aşağıdakı
sənədlər təqdim edilməlidir:
6.2.1.
ərizə (Əlavə N 1);
6.2.2.
xarici hüquqi şəxslərin filial və
nümayəndəliklərinin Azərbaycan Respublikasında
dövlət qeydiyyatına alınması haqqında
sənədin notariat qaydasında təsdiq olunmuş
surəti;
6.2.3.
xarici hüquqi şəxslərin filial və
nümayəndəliklərinin qanunvericiliklə müəyyən
edilmiş qaydada təsdiq edilmiş nizamnaməsinin
(əsasnaməsinin) əsli və ya notariat qaydasında
təsdiq olunmuş surəti;
6.2.4.
fiziki şəxsin şəxsiyyətini təsdiq edən
sənəd (sənəddəki məlumatların imza
nümunəsi vərəqəsində
göstərilənlərə uyğunluğu yoxlanılır
və sənəd geri qaytarılır);
6.2.5.
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələri ilə başqa hal nəzərdə
tutulmadıqda, hüquqi şəxs olan qeyri-rezidentin təsis
və qeydiyyat sənədlərinin qanunvericiliyə müvafiq qaydada
leqallaşdırılmış və Azərbaycan dilinə
tərcüməsi notariat qaydasında təsdiq edilmiş
surətləri (hesab xarici hüquqi şəxs üçün
açıldıqda);
6.2.6.
statistika orqanlarında uçot vahidlərinin dövlət reyestrinə
daxil edilməsi haqqında şəhadətnamənin notariat
qaydasında təsdiq edilmiş surəti (xarici hüquqi
şəxslərin filial və nümayəndəlikləri üçün);
6.2.7.
dövlət sosial sığorta orqanında uçota alınması
barədə bildirişin əsli (sığortaedənlər
üçün);
6.2.8.
müvafiq vergi orqanı tərəfindən verilmiş
şəhadətnamə-dublikatın əsli (xarici hüquqi
şəxslər, xarici hüquqi şəxslərin filial və
nümayəndəlikləri, fərdi sahibkarlar üçün);
6.2.9.
imza və möhür nümunəsi vərəqəsi;
6.2.10.
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələri ilə nəzərdə tutulduğu halda,
hesabın açılması üçün xarici ölkənin müvafiq dövlət
orqanının (mərkəzi bankının və ya digər
səlahiyyətli orqanın) xüsusi icazəsi (qanunvericiliyə
uyğun leqallaşdırılmış və Azərbaycan
dilinə tərcüməsi notariat qaydasında təsdiq
edilmiş surəti).
6.3.
Rəsmi nümayəndəliklərə bank hesablarının
açılması üçün aşağıdakı sənədlər
təqdim olunmalıdır:
6.3.1.
ərizə (Əlavə N 1);
6.3.2.
xarici diplomatik və digər rəsmi nümayəndəliyin
statusunu təsdiqləyən sənəd (Azərbaycan
dilinə tərcümə edilmiş və notariat
qaydasında təsdiq edilmiş
surəti);
6.3.3. imza və möhür nümunəsi
vərəqəsi.
6.4.
Xarici bankların xarici valyutada müxbir hesablarının
açılması üçün aşağıdakı sənədlər
tələb olunur:
6.4.1.
ərizə (Əlavə N 1);
6.4.2.
qeydiyyatdan keçdiyi ölkənin səlahiyyətli orqanı
tərəfindən bank fəaliyyətinin həyata
keçirilməsinə verilmiş hüquqi sənədin surəti
(qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış
və Azərbaycan dilinə tərcüməsi notariat
qaydasında təsdiq edilmiş);
6.4.3.
son illik hesabat və ya son maliyyə ilinə audit
yoxlamasının nəticələri barədə
arayış;
6.4.4.
son ayın 1-i tarixinə balans;
6.4.5.
səlahiyyətli imzalar nümunəsi məcmuəsi və ya
hesab üzrə sərəncam vermək
səlahiyyətlərinə malik şəxslərin imza
nümunələrinin və bankın möhürünün qanunvericiliyə
müvafiq qaydada leqallaşdırılmış əksi;
6.4.6.
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələri ilə nəzərdə tutulduğu halda,
xarici bankın yerləşdiyi ölkənin səlahiyyətli
orqanı tərəfindən (mərkəzi bank və ya digər
səlahiyyətli orqan) verilmiş icazə (qanunvericiliyə
müvafiq qaydada leqallaşdırılmış və
Azərbaycan dilinə tərcüməsi notariat qaydasında
təsdiq edilmiş surəti).
7. Bank
hesablarının rəsmiləşdirilməsi
7.1. Müştərilər üçün bank
hesabının açılması müştəri ilə bank
arasında bağlanan bank hesabı müqaviləsi ilə
rəsmiləşdirilir. Bank hesabı müqaviləsinin
forması və şərtləri Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə
tənzimlənir.
7.2.
Bank aşağıdakı hallarda bank hesabı müqaviləsinin
bağlanmasından imtina edə bilər:
7.2.1.
müvafiq bank hesabının açılması üçün tələb olunan
sənədlər təqdim edilmədikdə;
7.2.2.
təqdim edilmiş sənədlərdə qeyri-dürüst və ya
təhrif olunmuş məlumatlar olduqda;
7.2.3.
dövlət sosial sığorta və vergi orqanından alınan
bildirişdə və şəhadətnamə-dublikatda bank
hesabının açılması üçün digər bankın adı
göstərildikdə;
7.2.4.
dövlət sosial sığorta və vergi orqanından alınan
bildiriş və şəhadətnamə-dublikat zaman
etibarilə hüquqi qüvvəsini itirdikdə;
7.2.5.
müştərilərin xidmətə qəbul olunmasına
bankın imkanı olmadıqda və ya buna qanunla, yaxud
başqa hüquqi aktlarla yol verilmədikdə;
7.2.6.
qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
7.3.
Hesabın açılmasından bank imtina etdikdə, ərizə
verən şəxsə onun
tələbi ilə imtinanın səbəbləri yazılı surətdə
bildirilməlidir.
7.4.
Bank hesabının açılmasından imtina edən bankın
qanunsuz hərəkətlərindən Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq qaydada
məhkəməyə şikayət verilə bilər.
8. İmza və möhür nümunələri
vərəqəsi
8.1.
Dövlət orqanlarının, bələdiyyələrin,
rəsmi nümayəndəliklərin, hüquqi şəxslərin,
onların filial, nümayəndəlik və digər ayrıca
bölmələrinin imza və möhür nümunələri
vərəqəsi (Əlavə № 2) notariat qaydasında
təsdiq edilməlidir.
8.2.
Dövlət orqanlarının, bələdiyyələrin,
rəsmi nümayəndəliklərin, hüquqi şəxslərin,
onların filial, nümayəndəlik və digər ayrıca
bölmələrinin bank hesabı üzrə sərəncam hüququnu
həmin təşkilatların rəhbərləri və/və
ya onların müvəkkil etdikləri şəxs(lər) həyata
keçirə bilərlər.
8.3.
Hesab üzrə sərəncam hüququ bir şəxsə məxsus
olduqda banka təqdim olunan imza və möhür nümunələri
vərəqəsində bu barədə müvafiq qeyd
aparılır.
8.4.
Vərəqəyə müştərinin möhürünün əksi həkk
olunmalıdır. Xüsusi məqsədlər üçün (“kadrlar üçün”,
“buraxılış vəsiqələri üçün” və s.)
nəzərdə tutulmuş möhürlərin
vərəqədə istifadəsinə yol verilmir.
8.5.
Müştərinin möhürü olmadıqda vərəqədə bu
barədə qeyd olunur.
Müvəqqəti
olaraq möhür olmadıqda (müştərinin adı, tabeliyi
dəyişdikdə, möhür itirildikdə, yaxud köhnəldikdə)
müştəri ilə bank arasında bank sənədlərinin
rəsmiləşdirilməsi qaydaları ikitərəfli
yazılı razılıq əsasında müəyyənləşdirilir
(vəziyyətdən asılı olaraq bir aydan çox olmamaq şərtilə
sənədləri əvvəlki möhürlə, yuxarı
təşkilatın möhürü ilə təsdiqləməyə
və ya sənədləri möhür olmadan təqdim etməyə
icazə verilə bilər). Bu halda müştəri yeni möhürün
qısa müddətdə hazırlanması üçün tədbirlər
görməlidir.
8.6.
Fərdi sahibkarların və fiziki şəxslərin imza
nümunələri olan vərəqəsi (Əlavə № 3)
bankın özü tərəfindən təsdiq oluna bilər.
Şəxsin etibarlığına, onun hüquqi fəaliyyət
qabiliyyətinə şübhə yarandığı halda
bankın mülahizəsi ilə imza vərəqələrinin
notariat qaydasında təsdiqi tələb oluna bilər.
İmza
nümunələri bankın rəhbəri və/və ya baş
mühasibi və ya bankın daxili qaydalarına əsasən
digər müvəkkil şəxsi tərəfindən təsdiq
olunur. İmza həqiqiliyi imza sahibinin şəxsən
iştirakı ilə təsdiq olunur.
8.7.
Fərdi sahibkar və fiziki şəxslər üçün hesab
açılan zaman hesab üzrə sərəncam hüququ iki və daha
çox şəxsə məxsus olduqda, onların bu hüququ
ayrı-ayrılıqda, yaxud birlikdə həyata
keçirmələri barədə vərəqədə müvafiq
qeyd olmalıdır. Vərəqədə bu cür qeyd
olmadıqda hesab üzrə sərəncam yalnız
vərəqədə göstərilən şəxslərin
birgə imzaları ilə verilə bilər.
Hesabın
fəaliyyəti dövründə hesab sahibi(ləri) hesab üzrə
sərəncam hüququnu başqa şəxsə(lərə)
həvalə etdikdə bu hüquqlar notariat qaydasında təsdiq
olunmuş etibarnamə ilə həyata keçirilir. Etibarnamə
əsasında bank yeni imza vərəqəsində həmin
şəxsin(lərin) imzasını təsdiq edir.
8.8.
Bankda müvəqqəti cari hesab açan şəxsin imza nümunəsi
vərəqəsi bank tərəfindən təsdiq oluna
bilər.
8.9. Notariat qaydasında təsdiq
edilmiş vərəqədə imza hüququna malik olan
şəxslər dəyişdikdə və ya imza hüququna malik
olan şəxslərin sayı artırıldıqda,
düzəlişlər notariat qaydasında təsdiq
olunmalıdır. Köhnə vərəqə hesabın
rəsmiləşdirilməsinə dair işdə
saxlanılır.
8.10.
Vərəqədə müştərinin hüquqi
(yaşayış) ünvanı göstərilir.
Bankda
hesabı olan dövlət orqanları, bələdiyyələr,
hüquqi şəxslər, onların filial, nümayəndəlik
və digər ayrıca bölmələri, habelə fərdi
sahibkarlar hüquqi ünvanlarının dəyişdirilməsi
barədə ən geci üç gün müddətində (bank hesabı
müqaviləsində daha qısa müddət nəzərdə
tutulmayıbsa) xidmət olunduğu banka məlumat
verməlidirlər.
8.11.
Vərəqələr banka iki nüsxədə təqdim edilir.
Zəruri hallarda bank müştəridən vərəqənin
əlavə nüsxələrini tələb edə bilər.
Əlavə nüsxələr vərəqənin əsas
nüsxəsi ilə tutuşdurulur və bankın baş mühasibi
və ya bankın daxili proseduralarına əsasən digər
müvəkkil şəxs tərəfindən təsdiq olunur.
Əlavə nüsxələrin notarial qaydada təsdiq edilməsi
tələb olunmur.
8.12.
Bank hesabı üzrə əməliyyatlar elektron ödəniş
sistemi vasitəsilə aparıldıqda hesab üzrə imza
hüququnun rəsmiləşdirilməsi müvafiq normativ hüquqi aktlarla
tənzimlənir.
9. Bank
hesablarının yenidən rəsmiləşdirilməsi
9.1.
Bank hesabının adı və nömrəsi saxlanılmaqla onun
aşağıdakı hallarda yenidən
rəsmiləşdirilməsi tələb olunur:
9.1.1.
dövlət orqanının və ya bələdiyyənin adı
və/və ya tabeçiliyi dəyişdikdə;
9.1.2.
hüquqi şəxsin adı və/və ya təşkilati-hüquqi
forması dəyişdikdə;
9.1.3.
filial, nümayəndəlik və digər ayrıca bölmənin
tabeçiliyi, yuxarı təşkilatının adı və/və
ya təşkilati-hüquqi forması dəyişdikdə;
9.1.4.
fiziki şəxsin adı, atasının adı və ya soyadı
dəyişdikdə;
9.1.5.
Hesabların yenidən rəsmiləşdirilməsi bu
Qaydaların 9.1.1-9.1.4-cü yarımbəndlərində
göstərilən halların baş verməsini təsdiq
edən rəsmi sənədlər əsasında həyata
keçirilir.
9.2.
Bank hesablarının yenidən rəsmiləşdirilməsi
zamanı müvafiq hesabın açılması üçün bu Qaydalarda
müəyyən edilmiş tələblər tətbiq olunur.
10. Bank
hesablarının bağlanması
10.1.
Bank hesabı müqaviləsinin ləğvi müştərinin bank
hesabının bağlanması üçün əsasdır.
10.2.
Bank hesabı müqaviləsi aşağıdakı hallarda
ləğv edilir:
10.2.1.
müştərinin ərizəsi əsasında;
10.2.2.
dövlət büdcəsindən və Naxçıvan Muxtar
Respublikasının büdcəsindən
maliyyələşən təşkilatlara bank
hesabının açılması üçün Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi yanında Baş Dövlət
Xəzinədarlığının icazəsi geri
alındıqda;
10.2.3.
bank hesabı müqaviləsində nəzərdə tutulmuş
digər hallarda.
10.3.
Bank hesabı müqaviləsində ayrı qayda nəzərdə
tutulmadıqda bank hesabı müqaviləsi bankın tələbi
ilə məhkəmə tərəfindən
aşağıdakı hallarda ləğv edilə bilər:
10.3.1.
müştərinin hesabında saxlanan pul vəsaitinin
məbləği bank qaydaları və ya müqavilə ilə
nəzərdə tutulmuş miqdardan az olduqda, bir
şərtlə ki, belə məbləğ bankın bu
barədə xəbərdarlıq etdiyi gündən bir ay
ərzində bərpa edilməmiş olsun;
10.3.2.
bir il ərzində həmin hesab üzrə əməliyyatlar
aparılmadıqda.
10.4.
Hesabdakı pul vəsaitinin qalığı
müştəriyə verilir və ya müştərinin
göstərişi ilə onun müvafiq yazılı ərizəsinin
alındığı gündən ən geci yeddi təqvim günü
keçənədək başqa hesaba köçürülür.
Hesabın
qalığı müştəri tərəfindən geri
alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab
banka bildirilmədikdə, həmin vəsait
“Bağlanmış müştəri hesabları” adlı hesaba
köçürülür və müştəriyə bu barədə yazılı
məlumat verilir.
10.5.
Hesabın bağlanması nəticəsində
“Bağlanmış müştəri hesabları” adlı hesaba
köçürülmüş pul vəsaitinin hüquqi rejimi Azərbaycan
Respublikasının Mülki və Mülki-Prosessual
Məcəllələri ilə tənzimlənir.
10.6.
Vəfat etmiş şəxslərin əmanət hesabları
üzrə vəsait qalığının hüquqi rejimi
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə tənzimlənir.
10.7.
Bank hesabı bağlandıqdan sonra hesabın
rəsmiləşdirilməsinə dair sənədlər
müvafiq normativ hüquqi aktlarda müəyyən olunmuş
müddətdə bankda saxlanılır.
10.8.
Müştərinin ərizəsinə əsasən hesab başqa
banka keçirildikdə hesabın
rəsmiləşdirilməsinə dair bütün sənədlər
bankda saxlanılır, lakin
müştərinin hesabına qarşı
tələblər (müddətli öhdəliklər,
ödənilməmiş hesablaşma sənədləri və s.
ödəmə sənədləri) siyahı üzrə hesabı
qəbul edən banka poçt vasitəsilə, bildirişli
sifariş məktubu ilə göndərilir. Bankların
müvəkkil şəxsləri tərəfindən tərtib
olunmuş təhvil-təslim aktı hesabın
açılmasına dair hüquqi sənədlər qovluğunda
saxlanılır.
Müştəri
başqa bankın xidmətinə keçdikdə bağlanan
hesabın qalığı həmin banka bu Qaydaların 10.4-cü
bəndində göstərilən müddətdə köçürülməlidir.
11.
Bankların müxbir hesablarının bağlanması
11.1.
Bankların müxbir hesabları aşağıdakı hallarda
bağlanılır:
11.1.1.
bankın müraciətinə əsasən;
11.1.2.
yerli banklara bank fəaliyyətinin həyata keçirilməsi üçün
verilmiş lisenziya ləğv edildikdə, Milli Bankın
yazılı müraciəti ilə.
11.2.
Bankın könüllü ləğvi zamanı ləğvetmə
komissiyasının, məcburi ləğvi və ya iflas proseduru
çərçivəsində isə məhkəmə
tərəfindən təyin edilmiş ləğvedicinin
müraciətinə əsasən bankın ləğvetmə
işlərinin həyata keçirilməsi üçün Milli Bankda cari hesab
açılır və bankın müxbir hesablarında olan
vəsaitlər həmin hesaba köçürülür.
11.3.
Bankın cari hesabının açılması üçün Milli Banka
aşağıdakı sənədlərin təqdim
olunması tələb olunur:
11.3.1.
ərizə (ləğvetmə komissiyası adından
verilən ərizə cari hesaba sərəncam vermək
səlahiyyətinə malik olan şəxslər
tərəfindən imzalanır);
11.3.2.
bankın könüllü ləğvi və ləğvetmə
komissiyasının yaradılması haqqında
Səhmdarların Ümumi Yığıncağının
qərarı (qərarda hesab üzrə sərəncam hüququ olan
şəxslər göstərilməlidir);
11.3.3.
bankın məcburi ləğvi və ya müflis elan edilməsi,
habelə ləğvedicinin təyin edilməsi barədə
məhkəmənin qərarı;
11.3.4.
imza və möhür nümunəsi vərəqəsi.
12.
Yekun müddəa
Bu
Qaydalar dövlət qeydiyyatına alındığı
tarixdən qüvvəyə minir.
“Banklarda hesabların açılması,
aparılması
və bağlanması Qaydaları”na
Əlavə
№ 1
Bank
hesablarının açılması üçün
ərizənin
forması
“________________” kommersiya bankına
bankın
adı
ƏRİZƏ
_____________________________________________________________________________________
(təsərrüfat
subyektinin tam və dəqiq adı, fiziki şəxsin a., a.a.,
s.)
_____________________________________________________________________________________
___________________________________________
hesabının açılmasını xahiş edirəm. Bu növ
(hesabın
növü)
hesabın açılması üçün tələb
olunan sənədləri təqdim edirəm.
Ünvan:______________________________
Tel/Faks: ______________
____________ (imza)
M.Y. “___”
________________ 20__-ci il
_____________________________________________________________________________
Bankın
qeydləri
Hesabın
açılmasının rəsmiləşdirilməsi
üçün təqdim edilmiş sənədləri yoxladım
Baş mühasib _____ (imza)
________________ hesabının açılmasına
icazə verirəm.
(hesabın adı)
Rəhbər (müvəkkil şəxs) __________
(imza)
“___” ________________ 20__il
___________________________________ hesabı
açılmışdır.
(hesabın nömrəsi
və adı)
“Banklarda hesabların açılması,
aparılması
və bağlanması Qaydaları”na
Əlavə
№ 2
Üz tərəfi
İmza və möhür
nümunələri
VƏRƏQƏSİ
KODLAR
BANKIN QEYDİ

Notariusun təsdiq qeydləri
“______” _____________20___il
Mən,
_____________________________________________________________________________
(notariat
kontorunun adı)
notariusu
_________________________________________________________________________
(adı,
atasının adı, soyadı)
Vətəndaşlar
_______________________________________________________________________
(adı,
atasının adı, soyadı)
şəxsiyyətinə şəhadət
verirəm.
Reyestrdə
____________ № ilə qeyd
edilib, _____________manat dövlət rüsumu alınıb.
M.Y.
Notarius ______________
(İmza)
“Banklarda hesabların açılması,
aparılması
və bağlanması Qaydaları”na
Əlavə
№ 3
Üz
tərəfi
Fərdi sahibkarların (fiziki
şəxslərin) imza nümunələri
VƏRƏQƏSİ
KODLAR BANKIN QEYDİ
Bankın məsul şəxsinin
qeydləri
Mən,
________________________________________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
(bankın
məsul şəxsinin adı, atasının adı,
soyadı)
Vətəndaş
____________________________________________________________________________
(adı,
atasının adı, soyadı)
şəxsən mənim yanımda
yuxarıda etdiyi imzasını təsdiq edirəm. Həmin
vətəndaşın şəxsiyyəti müəyyən edilib və onun
fəaliyyət qabiliyyəti
yoxlanılıb.
Bankın rəhbəri və ya digər müvəkkil şəxsi
:
___________________
M.Y.
(imza)
“____”_________20___il