AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİNDƏ

QEYDƏ ALINMIŞDIR

Qeydiyyat № 48

06 iyun 199 il

Nazir əvəzi ___________________

                  S. C. HƏSƏNOVA

TƏHSİL NAZİRLİYİNİN

________ 199    tarixli ________

nömrəli əmri ilə təsdiq

edilmişdir.

 

Nazir əvəzi __________________

                 Ə. Ş. ABDİNOV

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL SİSTEMİNDƏ PSİXOLOJİ XİDMƏT HAQQINDA

ƏSASNAMƏ

 

1. ÜMUMİ MÜDDƏALAR

 

Azərbaycan Respublikası Təhsil Qanununa müvafiq olaraq təhsil sistemində uşaqların və yeniyetmələrin proqressiv psixi inkişafı, onların meyl, maraq və təbii imkanlarının reallaşdırılması, mümkün pozuntuların profilaktikasının təminatı üçün dövlət - psixoloji xidmət fəaliyyəti göstərir.

Psixoloji xidmət Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində (uşaq bağçalarında, müxtəlif tipli məktəblərdə, internatlarda və s.) və rayon (şəhər təhsil şöbələrində yaradılır.

Psixoloji xidmətin təşkili və aparılması uşaqların əqli və fiziki inkişafının və sosial müdafiəsinin təmin olunması haqqında beynəlxalq və respublika aktları və qanunlarına əsaslanır. Psixoloji xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının təhsil sistemi üzrə qanunverici aktları və müvafiq normativ sənədləri və həmin Əsasnaməni rəhbər tutur.

Psixoloji xidmətin fəaliyyəti həm ümumi psixoloji hazırlıq, həm də uşaq, yaş və pedaqoji psixologiya, psixodiaqnostika, psixokorreksiya sahəsində tərəfindən həyata keçirilir. Xüsusi yenidən hazırlanma kurslarından keçmiş müəllimlər psixoloji xidmət işlərinə cəlb oluna bilərlər. Psixoloqun ixtisası müvafiq ali təhsil müəssisəsinin diplomu və ya şəhadətnaməsi ilə təsdiq olunmalıdır.

 

2. PSİXOLOJİ XİDMƏTİN ƏSAS VƏZİFƏLƏRİ VƏ MƏZMUNU:

- Hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi və intellektual inkişafını təmin etmək, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılması;

- müxtəlif problemli uşaqları təlim prosesində və psixi inkişaf sahəsində aşkar etmək və onlara lazımi psixoloji - pedaqoji köməklik göstərilməsi;

- uşaqların şəxsi və intellektual inkişafındakı pozuntuların profilaktikası və aradan qaldırılması;

- istedadlı uşaqların aşkar edilməsi və psixoloji - pedaqoji cəhətdən təmin olunması.

 

Psixoloji xidmət vahid sistem kimi fəaliyyət göstərən 3 əsas istiqamətdən ibarətdir:

- müasir məktəb şəraitində psixoloji biliklərin professional tətbiqi yollarını, metodlarını təkmilləşdirmək məqsədilə uşaq şəxsiyyətinin formalaşmasının və psixi inkişafının qanunauyğunluqlarını öyrənən elmi istiqamət;

- tədris proqramlarının tərtib edilməsi, dərsliklərin yaradılması, didaktik və metodik materialların psixoloji əsaslarının işlənilməsi, müəllimlərin, tərbiyəçilərin, psixoloqların  hazırlanması da daxil olmaqla bütün təlim-tərbiyə prosesinin psixoloji təminatını həyata keçirən tətbiqi istiqamət;

- təlim-tərbiyə müəssisələrində, xüsusi psixoloji kabinetlərdə və mərkəzlərdə psixoloqun işini təmin edən praktik istiqamət;

Elmi aspekt təhsil sistemində psixoloji xidmətin metodoloji problemlərinin işlənilməsini nəzərdə tutur. Bu istiqamətin icraçılarının əsas funksiyası nəzəri və eksperimental tədqiqatların, psixoloji xidmət işinin psixodiaqnostika, psixokorreksiya və inkişafetdirici metodlarının işlənilməsi və əsaslandırılmasıdır.

Tətbiqi aspekt psixoloq kadrlarının hazırlıq proqramının işlənilməsi, uşaq, pedaqoji, kliniki və psixologiyanın başqa sahələrində ixtisaslaşma və ixtisasartırma nəzərdə tutur.

Praktik aspekt uşaqlarla, valideynlərlə, müəllimlərlə, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə iş aparan psixoloqlar tərəfindən həyata keçirilir.

Tətbiqi və praktiki aspektlərin inkişafı psixoloji xidmətin konsepsiyasını və nəzəri əsaslarını müəyyən edən elmi istiqamətin inkişafına əsaslanır.

Göstərilən hər bir istiqamətin vəzifələri müvafiq ixtisas mütəxəssisləri tərəfindən yerinə yetirilir və həyata keçirilir.

 

3.  PSİXOLOJİ XİDMƏTİN SAHƏLƏRİ

Psixoloji xidmətin əsas sahələri: psixoprofilaktika, psixodiaqnostika, psixokorreksiya və məsləhətdir.

 

Psixoprofilaktik sahə uşaqlarda və müəllimlərdə psixoloji biliklərə tələbatın formalaşması, bütün yaş mərhələlərində uşağın hərtərəfli psixi inkişafı üçün şərait yaradılması, intellektin və şəxsiyyətin təşəkkülündə mümkün ola biləcək pozuntu-ların vaxtında aradan qaldırılması kimi vəzifələrin zəruriliyi ilə müəyyən edilir.

 

Psixodiaqnostik sahənin vəzifəsi uşağın məktəbəqədər və məktəb dövrü müddətində psixoloji-pedaqoji cəhətdən dərindən öyrənilməsi, fərdi xüsusiyyətlərinin aşkar olunması, təlim və inkişafında pozuntuların müəyyən edilməsidir.

 

Psixokorreksiya sahəsinin vəzifəsi - psixoloqun uşaq şəxsiyyətinin inkişafına fəal təsiri və təlim - tərbiyə prosesində qarşıya çıxan çətinliklərin aradan qaldırılmasıdır.

 

Məsləhət sahəsinin vəzifəsi - uşaqlara və böyüklərə təlim, tərbiyə və inkişaf problemləri üzrə məsləhət verilməsidir.

 

İşin əsas istiqamətlərinin seçilməsi, müxtəlif növ işlərin aparılması valideynlərin, müəllimlərin müraciəti, təhsil müəssisəsinin tələbləri, psixoloqların sayı və onların ixtisaslaşma sahələri əsasında müəyyən edilir.

 

4.  PSİXOLOJİ XİDMƏTİN FUNKSİYALARI VƏ KADR

TƏMİNATI

Təlim sahəsində psixoloji xidmətin strukturu - Təhsil Nazirliyinin Baş psixoloqu, respublika, şəhər, rayon psixoloji xidməti, təhsil müəssisələrinin psixoloji xidmətindən ibarətdir.

Psixoloji xidmətin idarə edilməsi Təhsil Nazirliyinin Baş psixoloqu, şəhər, rayon təhsil şöbələrinin psixoloji xidməti və təlim-tərbiyə müəssisələrinin rəhbərləri tərəfindən həyata keçirilir.

Təhsil Nazirliyinin psixoloji xidməti təhsil müəssisələrində psixoloji xidmətin fəaliyyətini koordinasiya edir, lazımi səviyyədə inkişafı və fəaliyyətinin strategiyasını işləyib hazırlayır;

- psixoloji xidmət işçiləri haqqında nümunəvi və başqa normativ sənədləri işləyib hazırlayır və təsdiq etdirir;

- psixoloji xidmət sistemində kadrların attestasiyası qaydalarını, əməyin normalarını müəyyən edir;

- təhsil sistemində işləyən müxtəlif kateqoriyalı psixoloqlar üçün ixtisas tələblərini hazırlayır və təsdiq etdirir;

- psixoloji xidmət üçün kadrların hazırlanması və ixtisasının artırılması sisteminə nəzarət edir;

- təhsil sistemində işləyən psixoloqlar müvafiq ixtisas alan tələbələr üçün dərsliklər, dərs vəsaitləri və sorğu kitabçalarının hazırlanmasında iştirak edir;

- təlim-tərbiyə müəssisələrində fəaliyyət göstərən psixoloqların iş təcrübəsini öyrənir və ümumiləşdirir;

- psixoloqun praktik fəaliyyətində istifadə olunan psixoloji üsullar və metodikaların tətbiqinə icazə verir və nəzarət edir;

- beynəlxalq əlaqələrin koordinasiyasını, beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyəti həyata keçirir.

Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Elmi-metodik Şuranın müvafiq bölməsi psixoloji xidmətə elmi-metodik köməklik göstərir.

Şəhər, rayon Təhsil idarəsinin, şöbəsinin psixoloqu öz səviyyəsində psixoloji xidmətə rəhbərlik edir, psixoloji xidmətin diaqnostik, korreksiya və başqa işlər üçün lazımi materiallarla təchizatına məsuliyyət daşıyır, psixoloqlar üçün müntəzəm fəaliyyətdə olan seminarlar təşkil edir.

Təlim-tərbiyə müəssisələrinin rəhbərlərinə müxtəlif psixoloji-pedaqoji məsələlərə dair məsləhət verir, müəllimlərlə müxtəlif formada psixoloji işin aparılmasını təmin edir, psixoloji bilikləri təbliğ edir. Burada ixtisaslı psixoloqlar işləyir.

Psixoloji xidmətin tərkibinə müxtəlif ixtisaslı psixoloqlar (ali təhsilli psixoloqlar, həmçinin pedaqoji, uşaq, tibbi psixoloqlar) daxildirlər.

R(Ş)TŞ-nin psixoloqu təlim-tərbiyə müəssisələrində işləyən psixoloqların fəaliyyətinə rəhbərliyi həyata keçirir.

Təlim-tərbiyə müəssisələrində psixoloqların qəbulunda iştirak edir və öz rəyini verir.

Valideynlərin tələblərinə, məktəb rəhbərliyinin və psixoloqun təqdimatına görə R(Ş)TŞ-nin psixoloqu şagirdlərlə, müəllimlərlə, valideynlərlə, məktəb rəhbərləri ilə məsləhət, psixodiaqnostik, psixoprofilaktik və korreksiya işləri aparır.

Təlim-tərbiyə müəssisəsinin rəhbəri R(Ş)TŞ-nin psixoloqunun rəhbərliyi altında “xidmətin” normativ sənədlərinə müvafiq olaraq konkret müəssisənin Psixoloji xidmətinə rəhbərliyi və maddi-texniki təchizat həyata keçirir.

Psixoloji xidmət hər bir təhsil müəssisəsində - uşaq bağçasında, məktəbdə, uşaq evlərində, internatlarda və s. fəaliyyət göstərir. Uşaqlara fərdi yanaşmanı təmin etmək üçün onların psixoloji cəhətdən öyrənilməsini həyata keçirir, inkişafında və təlimlərində çətinliklər olan uşaqları aşkar edir, müəllimlərlə birgə fərdi proqramlar hazırlayır, R(Ş)TŞ-nin nəzdindəki psixoloqa təlimlərində və inkişafında çətinliklər olan uşaqlar haqqında məlumat verir.

Psixoprofilaktika, ilkin psixodiaqnostika və psixokorreksiya işləri aparır, lazım gəldikdə mütəxəssislər dəvət edir, yaxud da uşaqları və valideynləri ixtisaslaşmış psixoloji mərkəzə və ya başqa təşkilatlara göndərir.

Təlim-tərbiyə müəssisəsində işləyən psixoloq aşağıdakı fəaliyyətləri həyata keçirməyə cavabdehdir:

Müstəqil surətdə uşaqlarla və yaşlılarla aparılan işlərin konkret vəzifələrini müəyyən etmək, bu işlərin forma və metodlarını seçmək, müxtəlif iş növlərinin hansı ardıcıllıqla yerinə yetirilməsi məsələsini həll etmək, müəyyən dövr üçün işin başlıca istiqamətlərini ayırd etmək;

Rəhbərliyin göstərişləri peşə fəaliyyətinin etik prinsiplərinə və hazırkı Əsasnamə ilə müəyyənləşdirilən vəzifələrə zidd olduğu hallarda, onların yerinə yetirilməsindən imtina etmək;

Peşə fəaliyyəti üçün zəruri olan sənədləri və məlumatları təlim-tərbiyə müəssisələrinin rəhbərliyindən, müəllimlərdən, valideynlərdən və s. almaq;

Təlimdə çətinlik çəkən uşaqların problemlərinin aradan qaldırılması üçün fərdi-korreksiya təlim proqramlarının müəllimlər tərəfindən hazırlanmasını tələb etmək və bu proqramların həyata keçirilməsini nəzarətə götürmək;

Rayon, şəhər psixoloji - tibbi - pedaqoji komissiyaların və yetkinlik yaşına çatmamış uşaqlarla iş üzrə komissiyaların işində iştirak etmək;

Tibbi və defektoloji müəssisələrdən nazirlik vasitəsilə məlumat almaq;

Psixodiaqnostika, psixokorreksiya və başqa iş növləri sahəsində yeni metodların işlənməsində, onların səmərəliliyinin qiymətləndirilməsində iştirak etmək;

Tədqiqat məqsədləri ilə təlim-tərbiyə müəssisələrində qrup halında və fərdi şəkildə psixoloji müayinələr və eksperimentlər aparmaq;

Mühazirə, müsahibə və çıxışlar yolu ilə psixoloji biliklərin təbliği sahəsində iş aparmaq, elmi və elmi-kütləvi jurnallarda, qəzetlərdə və s. iş təcrübəsini ümumiləşdirən məqalələrlə çıxış etmək;

Zəruri hallarda məktəblilərə yardım göstərmək məsələləri ilə əlaqədar müvafiq təşkilatlara müraciət etmək;

Psixoloq təlim-tərbiyə müəssisənin rəhbərliyini, pedaqoji işçiləri, valideynləri, şagirdləri öz işinin xüsusiyyətləri, məqsədləri və vəzifələri ilə tanış edir. Psixoloqun apardığı işin gedişində alınan informasiya konfidensial xarakter daşıdıqda müayinə şəxsin razılığı olmadan yayıla bilməz.

Bütün mübahisəli və konflikt situasiyalarda psixoloq uşağın mənafeyindən çıxış edir.

Təhsil müəssisələrində çalışan psixoloqlar görülən işlərin qeydiyyatını aparır və bu halda müvafiq olaraq R(Ş)TŞ-yə və Təhsil Nazirliyinə hesabat təqdim edirlər.

Psixoloji xidmətin bu bölməsi ali psixoloji təhsilli mütəxəssislərdən (psixoloq) və yaxud xüsusi hazırlıq kursları keçmiş müvafiq vəsiqəsi və ya sertifikatı olan ali təhsilli müəllimlərdən komplektləşdirilir.

 

5.  KADR HAZIRLIĞI VƏ ELMİ-METODİK TƏMİNAT

Elmi-metodik təminatı psixoloji xidmətin sifarişinə görə ayrı-ayrı mütəxəssislər, elmi kollektivlər həyata keçirir.

Psixoloji xidmət mütəxəssislərinin (psixoloq, pedaqoji psixoloq, uşaq psixoloqu, psixoloji xidmətin təşkilatçı - psixoloqu, psixoloq-konsultant və s.) hazırlığı təhsil standartı və ixtisas tələblərinə müvafiq aparılır.

Müvafiq istiqamət və ixtisaslar Dövlət təhsil standartları ilə müəyyən edilir.

Təhsil sistemində psixoloji xidmət psixoloqlar tərəfindən həyata keçirilir. Psixoloq öz statusuna görə pedaqoji işçilərə bərabər tutulur.

Rayon, şəhər təhsil şöbələrinin praktik psixoloqu vəzifəsində “psixologiya” ixtisası üzrə baza təhsilli və yaxud uşaq, pedaqoji, klinik və psixologiyanın digər sahələri üzrə ixtisaslaşmış psixoloqlar işləyə bilərlər.

Psixoloqun iş vaxtı müxtəlif yaşlı uşaqlar və müxtəlif kateqoriyaya aid olan böyüklərlə (yaşlılarla) aparılan praktik psixoloji iş normaları nəzərə alınmaqla (nümunəvi normalar əlavə 1-də gətirilir) təşkil olunur.

Psixoloqun təhsil müəssisəsində müxtəlif növ psixoloji işlər (profilaktika, məsləhət, diaqnostika, inkişafetdirici korreksiya) aparması üçün zəruri olan otaq (psixoloqun kabineti) ayrılır.

Psixoloqun metodiki, cihazlarla və maddi təchizatı təhsil müəssislərinin büdcəsinin müvafiq vəsaitləri hesabına həyata keçirilir.

 

MÜXTƏLİF PRAKTİK PSİXOLOJİ İŞ NÖVLƏRİNİN

MÜDDƏTİ NÜMUNƏVİ NORMALAR

 

                           İşin növü                                   Orta vaxt (saatla)                             Qeyd

 

1.     Fərdi psixoloji diaqnostika,

      müayinəyə hazırlıq,  onun keçirilməsi

     və nəticələrin təhlili, rəy və təkliflərin

      tərtib olunması

2.       Qrup psixodiaqnostikası,

      müayinəyə hazırlıq, onun

      keçirilməsi    nəticələrin

      təhlili, rəy və təkliflərin

      tərtib olunması

3.       Şagirdlərlə fərdi və qrup

       halında konsultativ iş,

       nəticələrin tərtib edilməsi

4.       Fərdi inkişafetdirici və korreksiya

       işi,  müayinəyə   hazırlıq,   onun 

       keçirilməsi  və nəticələrin təhlili

5.       Pedaqoji konsiliumun hazırlanması

       və keçirilməsi, nəticələrin təhlil edilməsi

6.       Valideynlərə fərdi və qrup

       halında məsləhətin verilməsi,

       nəticələrin tərtib edilməsi

7.       Müəllimlər üçün fərdi və qrup

       halında məsləhətin verilməsi,

       nəticələrin tərtib edilməsi

8.       Müəllimlərlə işgüzar oyunlar,

       treninqlər və psixoloji işin digər

       aktiv formalarının hazırlanması,  

             keçirilməsi   və nəticələrin tərtib edilməsi

9.       Pedaqoji şurada, metodbirləşmədə,      valideyn   iclasında çıxış etmək üçün hazırlaşmaq

10.    Uşaqlar üçün “psixoloji saatların”

             (tərbiyə   saatlarının) hazırlanması

              və keçirilməsi, nəticələrin tərtib edilməsi

11.    Sənədlərin gündəlik yekun  tərtibi

12.    Metodik iş

3.5 -6

 

 

 

16-20

 

 

 

 

1.5 -3.0

 

 

30-60

 

 

5-7

 

 

1.0 -2.5

 

 

1.5 -2.5

 

 

30-40

 

 

 

1-4

 

 

1.5 -3.0

 

0.5 -1.0

12

Bir adama sərf edilən vaxt hesabı ilə

 

 

 

15 nəfərə sərf olunan vaxt hesabı ilə

 

 

 

 

Bir müsahibə üçün

 

 

Bir silsilə məşğələ üçün

 

 

Bir konsilium üçün

(diaqnostik iş nəzərə alınmadan)

Bir müsahibə üçün

 

 

Bir müsahibə üçün

 

 

Bir silsilə məşğələ üçün

 

 

 

Bir tədbir üçün

 

 

Bir məşğələ üçün

 

 

Həftədə

 

 

MƏRKƏZLƏRDƏ İŞLƏYƏN PSİXOLOQLAR ÜÇÜN (ƏLAVƏ)

 

13. Təlim-tərbiyə müəssisələrində işləyən psixoloqlar üçün seminarların  hazırlanması və keçirilməsi;

14. Məktəblərin sifarişi üzrə kütləvi  müayinələrin  keçirilməsi  (diaqnostik     nəzərə alınmaqla), rəy və təkliflərin tərtib edilməsi

15. Təhsil idarələrinin və digər inzibati müəssisələrin iclaslarında, müşavirələrində iştirak etmək

16. Tibbi-psixoloji-pedaqoji komissiyaların, yetkinlik yaşına çatmamış uşaqların işləri üzrə   komissiyaların   işində iştirak etmək

17. Attestasiyaya hazırlıq və aşağı  bölmə  işçilərinin  attestasiyasında iştirak etmək, nəticələrin tərtib edilməsi

 

2-4

 

 

40-60

 

Tələb üzrə

 

Tələb üzrə

 

Tələb üzrə

Bir məşğələ üçün

 

 

15-30 nəfərlik qrupun müayinəsi üçün