Vəkillər və vəkillik fəaliyyəti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasının və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qəbul edilir.

Qanun Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını müəyyən edir.

Maddə 1. Azərbaycan Respublikasında vəkillik fəaliyyəti

I. Azərbaycan Respublikasında vəkillik fəaliyyəti hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır.

II. Vəkillər öz fəaliyyətini qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında həyata keçirirlər.

III. Vəkillər aşağıdakı əsaslarla fəaliyyət göstərirlər:

Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi;

vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi;

Vəkillər Kollegiyası üzvlərinin bərabərliyi;

özünüidarəetmə əsasında Vəkillər Kollegiyası üzvlüyünə qəbul, üzvlükdən xaric edilmə və intizam məsuliyyətinə cəlb olunma məsələlərinə dair müstəqil qərar qəbul edilməsi.

Maddə 2. Vəkillər və vəkillik fəaliyyəti haqqında qanunvericilik

I. Vəkillər və vəkillik fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

II. Vəkillərin prosessual hüquqları və vəzifələri Azərbaycan Respublikasının Cinayət-Prosessual və Mülki-Prosessual məcəllələri ilə tənzimlənir.

Maddə 3. Vəkillik fəaliyyətinin vəzifələri

Vəkillik fəaliyyətinin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir.

Maddə 4. Vəkillik fəaliyyətinin əsasları*

I. Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər.

II. Cinayət işləri üzrə məhkəmə prosesində, ibtidai istintaqda və ya təhqiqatda Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə müvafiq olaraq müdafiəçi qismində yalnız vəkillər iştirak edə bilərlər.

III. Vəkillər həmçinin aşağıdakı fəaliyyətlə də məşğul ola bilərlər:

dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fiziki və hüquqi şəxslərin nümayəndəliyinin həyata keçirilməsində;

hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsində;

ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsində;

fiziki və hüquqi şəxslərə lazımi hüquqi yardım göstərilməsində, onların fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində;

digər növ hüquqi yardım göstərilməsində.

Maddə 5. Vəkillik fəaliyyətinin həyata keçirilməsinin Ümumi qaydaları

I. Vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir.

II. Vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir.

III. Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V bəndində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

IV. İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir.

Vəkil, bu Qanunun 20-ci maddəsində göstərilən və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi yardımın göstərilməsindən müqavilə bağlanana qədər imtina edə bilər.

Müraciət etmiş şəxs müqavilə şərtləri əsasında vəkilə həvalə edilmiş tapşırığı qabaqcadan xəbərdarlıq etmədən məhdudlaşdıra və ya geri götürə bilər.

Bu Qanunun 20-ci maddəsində göstərilən qaydada müraciət etmiş şəxs təyin olunmuş vəkildən istənilən vaxt imtina edə və özünün seçdiyi digər vəkillə müqavilə bağlaya bilər.

V. Vəkillik fəaliyyəti təşkilati-hüquqi forma üzrə fərdi və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təşkil olunmuş qurumların (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər. Vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir.

VI. Vəkillik fəaliyyətinin həyata keçirilməsi bu fəaliyyət üçün seçilmiş təşkilati-hüquqi forma üzrə qurumun dövlət qeydiyyatından keçməsindən sonra başlanır. Bu qurumun təsisçiləri yalnız vəkillər olmalıdır.

Maddə 6. Vəkilliyin rəmzləri

I. Azərbaycan Respublikasında vəkilliyin rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağından, Dövlət gerbindən və vəkilliyin rəsmi emblemindən ibarətdir.

II. Azərbaycan Respublikasının vəkilləri məhkəmə iclaslarında xüsusi geyimdə iştirak edirlər.

III. Vəkilliyin rəsmi embleminin və vəkillərin xüsusi geyim formasının təsvirini Vəkillər Kollegiyasının Ümumi yığıncağı təsdiq edir.

Maddə 7. Vəkillik fəaliyyətinin təminatı

I. Təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar.

II. Məhkəmə, istintaq, təhqiqat və digər dövlət orqanlarının işçilərinin vəkil ilə hüquqi yardım göstərilən şəxs arasında hüquqi yardım göstərməklə əlaqədar vasitəçiliyinə yol verilmir.

III. Vəkili peşə borcunu həyata keçirməklə əlaqədar ona məlum olan hallar barədə dindirmək qadağandır.

Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkillik icraatları (dosye) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz.

IV. Vəkillərə və onların təşkilatlarına edilən bütün müraciətlər vəkillər tərəfindən sirr kimi qorunur.

Tutulan, həbs edilən və ya məhkum edilən şəxslərə hüquqi yardımın göstərilməsi üçün vəkil ilə təklikdə görüşlər və məsləhətləşmələr üçün lazımi şərait yaradılmalı, konfidensiallıq təmin olunmalıdır.

Maddə 8. Vəkilliyə namizədlər üçün tələblər

I. Ali hüquq təhsilli, hüquqşünas ixtisas üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində fəaliyyət göstərən, İxtisas Komissiyasında müvəffəqiyyətlə imtahan verən şəxs vəkil ola bilər.

II. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli və fiziki qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan, əvvəllər hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə görə vəzifəsindən azad edilmiş şəxslər, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil ola bilməzlər.

III. Dövlət qulluğunda çalışan şəxslər yalnız tutduqları vəzifədən azad edildikdən və bu Qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər.

Maddə 9. Vəkillər Kollegiyası

I. Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər.

II. Vəkillər Kollegiyası hüquqi şəxsdir.

III. Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti bu Qanunla və ya bu Qanuna müvafiq olaraq Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağı (konfrans) tərəfindən qəbul edilmiş Nizamnamə ilə müəyyən edilir.

IV. Vəkillər Kollegiyasının ali orqanı Ümumi yığıncaq (konfrans), ali icra orqanı Rəyasət Heyətidir.

V. Vəkillər Kollegiyası aşağıdakı vəzifələri həyata keçirir:

bu Qanunun tələblərinə uyğun olaraq Kollegiya üzvlüyünə qəbul və Kollegiya üzvlüyündən xaric olunma məsələlərini həll edir;

bu Qanunun tələblərinə uyğun olaraq intizam nəzarətini həyata keçirir;

hüquq mühafizə orqanlarının və məhkəmələrin tələbi əsasında vəkillik fəaliyyəti ilə bağlı məsələlərə rəy verir;

bu Qanunun tələblərinə uyğun olaraq başqa məsələləri həll edir.

Maddə 10. Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağı

I. Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağının səlahiyyəti bu Qanuna uyğun olaraq Vəkillər Kollegiyasının nizamnaməsi ilə müəyyən edilir.

II. Aşağıdakı məsələləri yalnız Ümumi yığıncaq həll edir:

Vəkillər Kollegiyasının Nizamnaməsini qəbul edir və ona əlavələr və dəyişikliklər edir;

Vəkillər Kollegiyasının Rəyasət Heyəti üzvlərini, sədrini və sədr müavinlərini seçir;

İntizam Komissiyasını yaradır və onun Əsasnaməsini qəbul edir;

İxtisas Komissiyasının Əsasnaməsini qəbul edir;

vəkillərin davranış qaydaları haqqında Əsasnaməni qəbul edir;

vəkilliyin rəsmi emblemini və vəkillərin xüsusi geyim formasının təsvirini təsdiq edir;

Vəkillər Kollegiyasının büdcəsini müəyyən edir;

üzvlük haqqının həcmini müəyyən edir.

III. Vəkillər Kollegiyasının Ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən çağırılır. Zərurət olduqda isə Vəkillər Kollegiyası üzvlərinin üçdə ikisinin tələbi ilə Rəyasət Heyətinin sədri tərəfindən bir ay ərzində növbədənkənar Ümumi yığıncaq keçirilir.

Maddə 11. Vəkillər Kollegiyasının Rəyasət Heyəti

I. Vəkillər Kollegiyasının Rəyasət Heyəti Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağında gizli səsvermə yolu ilə üç il müddətinə seçilir.

II. Vəkillər Kollegiyasının Rəyasət Heyəti:

Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir;

Vəkillər Kollegiyasının üzvlüyünə qəbul və ondan xaric olunma məsələlərini həll edir;

dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını tərtib edir və müvəqqəti saxlama yerlərinə təqdim edir;

İxtisas Komissiyasına üzvlər təyin edir;

ixtisas imtahanının qaydalarını müəyyən edir;

vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələlərinə dair metodik tövsiyələr hazırlayır;

vəkillər haqqında intizam işi qaldırır;

qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumat işi aparılmasını təşkil edir;

Rəyasət Heyəti aparatının strukturunu, ştat cədvəlini, xərclər smetasını və işçilərin əmək haqqını təsdiq edir.

III. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Rəyasət Heyətinin iclasları səlahiyyətlidir. Rəyasət Heyətinin iclaslarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

Maddə 12. Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin səlahiyyətləri

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri:

Vəkillər Kollegiyasını təmsil edir;

Rəyasət Heyətinin işini təşkil edir və aparatının işinə rəhbərlik edir;

kollegiyaya qəbul, vəkillərin kollegiyadan xaric edilməsinə dair məsələləri Rəyasət Heyətinin iclaslarında baxılması üçün hazırlayır və təqdim edir;

Rəyasət Heyətinin iclaslarına sədrlik edir;

Rəyasət Heyəti aparatının işçilərini işə qəbul və işdən azad edir;

Rəyasət Heyəti aparatının işçiləri tərəfindən əmək və icra intizamına əməl olunmasına nəzarət edir;

statistika hesabatının təhlilini və məhkəmə təcrübəsinə dair ümumiləşdirmə işini təşkil edir;

vətəndaşları qəbul edir, onların qəbulu, ərizə və şikayətlərinə baxılması sahəsində Rəyasət Heyətinin işini təşkil edir;

təsdiq olunmuş smeta daxilində maliyyə vəsaitləri üzərində sərəncam verir.

Maddə 13. Vəkillərin İxtisas Komissiyası

I. Vəkilliyə namizədlərin peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır.

II. İxtisas Komissiyası vəkillərdən, hakimlərdən və hüquqşünas alimlərdən üç nəfər daxil olmaqla doqquz nəfər üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.

III. İxtisas Komissiyasının vəkil olan üzvləri müvafiq olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti, hakim olan üzvləri Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən təyin edilir. İxtisas Komissiyasının hüquqşünas alim olan digər üç üzvü müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.

IV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə imtahan qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir.

V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edir.

VI. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

VII. İxtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilər.

VIII. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir.

IX. İxtisas Komissiyası Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir.

Maddə 14. Vəkilin andı

I. Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs Kollegiyanın Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir:

"Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm".

II. Vəkillərin səlahiyyətləri and içdiyi vaxtdan başlayır.

III. Vəkillər andın mətninə imza edir və bu sənəd vəkillərin şəxsi işində saxlanılır.

Maddə 15. Vəkilin hüquqları

I. Vəkillər peşə vəzifələrini həyata keçirərkən müstəqildirlər və yalnız qanunun tələblərinə tabedirlər.

II. Vəkillər aşağıdakı hüquqlara malikdirlər:

hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək;

öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək;

peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq;

xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün mütəxəssislərdən rəy almaq;

qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki vasitələrdən istifadə etmək;

qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil edilən şəxslə təklikdə, maneəsiz görüşüb danışmaq.

Maddə 16. Vəkilin vəzifələri

I. Peşə fəaliyyətini həyata keçirərkən vəkil:

qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir;

vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir;

yalnız qanunun tələblərini rəhbər tutmalıdır;

hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir;

mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır;

vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir;

vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir.

II. Vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə edilən və yaxud təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna vəkil maddi məsuliyyət daşıyır.

III. Vəkilin hüquqi yardım göstərdiyi iş üzrə, müdafiəçisi olduğu şəxs istisna olmaqla, qohumluq münasibətlərində olan digər şəxs iştirak etdikdə, həmin iş üzrə o, hazırda və ya əvvəllər hüquqi yardım göstərmiş olduğu şəxsin mənafeyi ilə hüquqi yardım üçün müraciət etmiş şəxsin mənafeyi arasında ziddiyyət olduqda, əvvəllər bu iş üzrə hakim, prokuror, müstəntiq, təhqiqat aparan şəxs, şahid, ekspert, tərcüməçi və ya hal şahidi qismində iştirak etmiş olduqda, bu iş üzrə hüquqi yardım göstərə bilməz.

IV. Hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş fiziki və hüquqi şəxslərə məxsus və iddia obyekti olan əmlakın və hüquqların vəkil tərəfindən öz adına və ya başqa şəxslər üçün alınması və başqa yolla əldə edilməsi qadağandır.

Maddə 17. Vəkil sirri

I. Vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir.

II. Peşə vəzifələrini həyata keçirərkən məlum olan ibtidai istintaqın sirrini təşkil edən məlumatların vəkil tərəfindən yayılması yalnız prokurorun və yaxud müstəntiqin icazəsi ilə ola bilər.

III. İbtidai istintaqın sirrini təşkil edən məlumatların yayılmasında təqsirli olan vəkillər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

IV. Müraciət etmiş şəxsə hüquqi yardımın göstərilməsi ilə əlaqədar olaraq vəkilə məlum olmuş hallar barədə o, şahid kimi çağırıla və dindirilə bilməz. Vəkil göstərilən hallar barədə izahat verməməli və ona etibar edən şəxsin bildirdiyi məlumatı yaymamalıdır.

V. Vəkil sirrini təşkil edən məlumatlar vəkilin hüquqi yardım göstərdiyi cinayət, mülki və inzibati işlər üzrə, həmçinin həmin vəkilin iştirakı ilə aparılan məhkəmə prosesində sübut kimi qiymətləndirilə bilməz.

Maddə 18. Vəkil etikası

Vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasını aparan hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir.

Maddə 19. Vəkil tərəfindən göstərilən hüquqi yardım haqqının ödənilməsi

I. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin təşkilati forması nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

II. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir.

III. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir.

Maddə 20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi

I. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə müttəhimlərə və məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

II. Tutulmuş şəxs tərəfindən müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarından və fərdi qaydada fəaliyyət göstərən vəkillər sırasından Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib edilən növbətçilik siyahısına uyğun olaraq vəkil dəvət olunur və tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müqavilə bağlanır.

Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan tutulmuş şəxsə dövlət hesabına hüquqi yardım göstərən növbətçi vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.

Maddə 21. Vəkillərin İntizam Komissiyası

I. Vəkillər tərəfindən peşə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verilən intizam pozuntularına dair şikayətlərə və müraciətlərə baxılması və onların intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar məsələlərin həll olunması üçün Vəkillər Kollegiyasının nəzdində Vəkillərin İntizam Komissiyası yaradılır.

II. Vəkillərin İntizam Komissiyası bu Qanuna və onun əsasında Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir.

Maddə 22. Vəkillərin intizam məsuliyyəti

I. Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun müddəalarına zidd hərəkət edilməsində təqsiri aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir.

II. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının qərarına əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir.

III. Vəkil haqqında intizam tədbiri intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər.

IV. Vəkillər barəsində intizam icraatı Vəkillər Kollegiyasının Rəyasət Heyətində başlanır.

V. İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir.

VI. Vəkilə qarşı aşağıdakı intizam tədbirləri tətbiq edilə bilər:

irad tutma;

töhmət;

üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması;

Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə.

Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatına xitam verilir.

VII. Vəkillər Kollegiyasından xaric edilmə haqqında qərardan məhkəməyə şikayət vermək olar.

Maddə 23. Vəkilin fəaliyyətinə xitam verilməsi

Vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər:

öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə;

barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;

fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə;

vəfat etdikdə;

məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;

Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə;

bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;

üzvlük haqqını dörd aydan artıq müddətdə üzürsüz səbəbdən ödəmədikdə.

Maddə 24. Vəkillər Kollegiyasının vəsaiti

I. Vəkillər Kollegiyasının vəsaiti ona daxil olan üzvlük haqqından yaranır.

II. Vəkillər Kollegiyasına daxil olan vəsaitin miqdarı və xərclənməsi qaydası onun Nizamnaməsinə uyğun olaraq müəyyən edilir.

III. Vəkillər Kollegiyası hüquqi şəxs kimi qanunda nəzərdə tutulmuş vergi və rüsumların ödənilməsindən azaddır.

Maddə 25. Vəkillərin pensiya təminatı

Vəkillərin pensiya təminatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 26. Əcnəbilər tərəfindən hüquqi yardımın göstərilməsi

I. Bu qanunun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində əcnəbi vəkillər tərəfindən hüquqi yardım göstərilməsi yalnız əcnəbinin mənsub olduğu dövlətin qanunları və ya beynəlxalq hüquq normalarının tətbiqinə dair verilən məsləhət və rəylərlə məhdudlaşır.

II. Azərbaycan Respublikası ərazisində əcnəbi vəkillər mülki işlər, cinayət işləri, iqtisadi mübahisələrə dair işlər, inzibati hüquq pozuntularına dair işlər üzrə məhkəmə icraatına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq qarşılıqlı münasibətlər əsasında buraxılır.

 

Keçİd müddəaları

 

I. Bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təşkil edilənədək mövcud Azərbaycan Respublikasının mövcud Vəkillər Kollegiyası öz fəaliyyətini davam etdirir.

II. Bu Qanunun ixtisas imtahanının verilməsinə dair müddəaları İxtisas Komissiyasının vəkil üzvləri və mövcud Vəkillər Kollegiyasının Rəyasət Heyəti üzvlərinə şamil edilmir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 28 dekabr 1999-cu il
783-IQ

 

* Bu maddənin III bəndində göstərilən fəaliyyəti Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar da qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirə bilərlər.