Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməli tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1993-cü ilin yanvar ayında Azərbaycan Respublikasının Milli Məclisi özəlləşdirmə haqqında qanun qəbul etmişdir. Lakin mülkiyyət münasibətlərinin islahatı üçün hüquqi zəmin yaradan həmin qanunun qəbul edildiyi vaxtdan indiyədək respublikada özəlləşdirmə sahəsində heç bir konkret tədbir görülməmişdir. Dövlət Əmlak Komitəsi özəlləşdirməyə dair kompleks proqramın və onu həyata keçirmək üçün normativ sənədlərinin hazırlanmasını təmin etməmişdir. Komitənin təqdim etdiyi sənədlərdə özəlləşdirmənin lazımi miqyasda aparılması nəzərdə tutulmurdu, Azərbaycan Respublikasının Nazirlər Kabineti isə vəziyyəti düzəltmək üçün nəinki zəruri tədbirlər görmür, hətta respublikada özəlləşdirmə prosesinin inkişafına mane olurdu.

1995-ci ilin yanvarında Dövlət Əmlak Komitəsinin rəhbərliyi möhkəmləndirilmiş, özəlləşdirmənin əsas prinsiplərini formalaşdırmaq məqsədi ilə müəyyən işlər aparılmışdır. Lakin genişmiqyaslı özəlləşdirməni həyata keçirmək üçün müvafiq kompleks proqramın olması vacibdir. Eyni zamanda dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesini canlandırmaq üçün respublikanın iqtisadi siyasətinə uyğun daha ciddi əməli tədbirlər həyata keçirilməlidir.

Azərbaycan Respublikasının iqtisadi siyasəti bazar islahatlarının ardıcıl və sahmanlı şəkildə aparılmasına əsaslanır. Bu islahatların başlıca istiqamətini dövlət mülkiyyətinin özəlləşdirilməsi, şəxsi və kollektiv sahibkarlıq təşəbbüsünün inkişaf etdirilməsi, istehsalın səmərəsinin yüksəldilməsi və iqtisadi dirçəlişinin sürətləndirilməsi təşkil edir.

Respublikada mülkiyyət islahatını sürətləndirmək, onun mütəşəkkil getməsini təmin etmək məqsədi ilə qərara alıram:

1.   Özəlləşdirmə haqqında qanuna uyğun olaraq Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin kompleks və hərtərəfli proqramının hazırlanması zəruri hesab edilsin.

2.   Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramını hazırlamaq məqsədi ilə aşağıdakı tərkibdə Dövlət komissiyası yaradılsın:

 

Komissiyanın sədri

 

Tofiq Əzizov—Azərbaycan Respublikası Baş nazirinin müavini, Dövlət Əmlak Komitəsinin sədri

 

Komissiyanın üzvləri

 

Səməd Sadıxov—Azərbaycan Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri

Fikrət Yusifov—Azərbaycan Respublikasının maliyyə naziri

İlqar Rəhimov—Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Südabə Həsənova—Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini

Raqib Quliyev—Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin sədri

Eldar Qəhrəmanov—Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini

Elman Rüstəmov—Azərbaycan Respublikası Milli Bankı İdarə heyətinin sədri

Şöhrət Vəkilov—Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin rəisi

Sadıx Sadıxov—Azərbaycan Respublikası Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankı İdarə heyətinin sədri

Şahin Əliyev—Azərbaycan Respublikası Prezidenti Aparatının şöbə müdiri

Vahid Novruzov—Azərbaycan Respublikası Ali Sovetinin şöbə müdiri

Rəfael Allahverdiyev—Bakı şəhəri İcra hakimiyyətinin başçısı

Rasim Daşdəmirov—Gəncə şəhəri İcra hakimiyyətinin başçısı

Şakir Abuşov—Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı

Ağasəlim Ələskərov—Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru

Sofiq Hüseynov—İqtisadi İslahatlar Mərkəzinin direktoru

Namiq Nəsrullayev—”Ulduz” Elm-İstehsalat  Birliyinin Baş direktoru

Elmir Həsənov—”Azərelektroterm” Elm-İstehsalat Birliyinin

Baş direktoru

Məmməd Vəliyev—”Bakı fəhləsi” zavodunun direktoru

3.   Dövlət komissiyasına tapşırılsın ki, Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramının layihəsini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Proqramın yüksək səviyyədə hazırlanması üçün Komissiya ayrı-ayrı sahələr üzrə mütəxəssislərdən ibarət işçi qrupları yaratsın.

4.   Dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramında özəlləşdirmənin əsas istiqamətləri və müddətləri, mülkiyyətin qiymətləndirilməsi üsulları, özəlləşdirilən dövlət mülkiyyətindən respublika vətəndaşlarına çatacaq əvəzsiz payın miqdarı və onun bölüşdürülməsi qaydası müəyyən edilsin. Özəlləşdirmə prosesində əhalinin bütün təbəqələrinin sosial müdafiəsini təmin edən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulsun və xüsusən Vətəni qoruyarkən həlak olmuş şəhidlərin ailələrinin və qaçqınların sosial müdafiəsinin təmin olunmasına fikir verilsin.

5.   Dövlət Əmlak Komitəsinə tapşırılsın ki, respublikada dövlət əmlakının özəlləşdirilməsi sahəsində indiyədək baş vermiş faktları təhlil etsin, özəlləşdirilmədə qanunvericiliyə zidd olan qərar və əqdlərin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş tədbirlər görsün.

6.   Bu Fərman imzalandığı andan qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 8 mart 1995-ci il.

№ 295.